05.03.2018

"Yeni müəllimlərimiz" rubrikasında Ulduz Yusifova

"Yeni müəllimlərimiz" rubrikasının budəfəki qonağı Şabran rayon Baş Əmirxanlı kənd tam orta məktəbin informatika müəllimi Ulduz Yusifovadır.

 

Ulduz Yusifova Şabran rayon Rəhimli kənd sakinidir. O, 2014-cü ildə  Bakı Dövlət Sosial İqtisad Kollecinin kompüter  müəllimliyi ixtisasını bitirdikdən sonra müəllimlik fəaliyyətinə başlayıb. İki il müddətli əmək müqaviləsi ilə rayonun  müxtəlif kəndlərində informatika müəllimi işləyib. 2017-ci ildə isə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək Şabran rayon Baş Əmirxanlı kənd tam orta məktəbinə informatika müəllimi  təyin edilib.     

“Rayonumuzun müxtəlif kəndlərində işləmək mənim üçün maraqlı təcrübə idi. İndi də öz yaşadığım kənddən uzaq bir kənddə dərs deyirəm. Əvvəlki yerlər kimi burada da məni hörmət və sevilə  qarşılayırlar. İstər kənd əhalisi, istərsə də məktəb kollektivi.  Uşaqlar isə başqa bir aləmdir. Saf, təmiz, sevgidolu.

Ümumiyyətlə, insan ona ən çox ehtiyac duyulan yerdə daha  xoşbəxt hiss edir və daha çox faydalı olur.

Ucqar kənddə işləyən müəllimin məsuliyyəti böyükdür. Çünki, burada valideyn dəstəyi az, uşaqların təhsildən  yayındırılması halları isə daha çox olur. Mən də bir ucqar kənd  müəllimi olaraq məsuliyyətimin fərqindəyəm və vəzifəmin  öhdəsindən layiqincə gəlməyə çalışıram."


Açar sözlər: ,