12.03.2018

"Ədəbiyyat həyatın güzgüsüdür"

Şabran rayon Şahnəzərli kənd tam orta məktəbdə "Ədəbiyyat həyatın güzgüsüdür" adlı tədbir keçirilib.

Tədbirdə məktəbin müəllim kollektivi və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan direktor müavini Nəbi Həbibov ədəbiyyatın insan mənəviyyatının zənginləşməsinə, sağlam düşüncənin formalaşmasına birbaşa təsir göstərdiyini bildirərək bədii ədəbiyyatın hikmətlər xəzinəsi olmasından danışıb.

Daha sonra isə məktəbin ədəbiyyat müəllimləri Vüsalə Qasımova, Şəfəq Qəniyeva və uşaq birliyi rəhbəri Mehparə Hacıyeva çıxış ediblər. Onlar da öz çıxışlarında ədəbiyyatın zənginliyindən danışıb, Azərbaycan ədəbiyyatının isə öz bədii inciləri ilə dünya ədəbiyyatına böyük töhfələr verdiyini qeyd ediblər. Bütün çıxışçılar  şagirdləri daha çox mütaliə etməyə səsləyib, oxuduqca ibrət götürməyi də unutmamağı tövsiyə ediblər.

Tədbir boyu məktəblilərin təqdimatında Azərbaycan ədəbiyyatının bütün dövrlərini əhatə edən səhnəciklər nümayiş olunub, şeirlər səsləndirilib, qısa filmlər izlənilib.

Tədbirin keçirilməsində əsas məqsəd, şagirdlərin ədəbiyyata maraqlarının artırılması, onların mütaliə vərdişlərinin, təhlil və təqdimetmə qabiliyyətlərinin inkişaf etdirilməsi olub.

 


Açar sözlər: ,  ,  ,