16.05.2018

Şabran Rayon Təhsil Şöbəsində Fənn olimpiadalarının birincisi olmuş Məltəm Sultanova ilə görüş keçirilib

Rayon Təhsil Şöbəsinin müdiri Emin Mövsümov Respublika fənn olimpiadalarının coğrafiya üzrə qızıl medal mükafatçısı olmuş Şabran şəhər M. Nəzirov adına 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Məltəm Sultanova ilə görüşüb.

Görüşdə, həmçinin Rayon İcra Hakimiyyəti başçısının müavini və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fikrət Nuşiyev, Məltəmin təhsil aldığı məktəbin direktoru Elnur Cəfərov və Rayon Təhsil Şöbəsinin əməkdaşları iştirak edib.

Məltəmi nailiyyəti münasibətilə təbrik edən Emin Mövsümov təkcə rayon təhsil işçilərinin deyil, bütün rayon ictimaiyyətinin onunla qürur duyduğunu deyib.

Görüş zamanı, həmçinin Məltəm yenicə qayıtdığı Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimindən olan təəssüratlarını bölüşüb, ona göstərilən diqqət və qayğıya görə hər kəsə təşəkkürünü bildirib.