04.08.2018

“Valideynlər təhsilə önəm verdiklərini övladlarına hiss etdirməlidirlər”

Valideynlər təhsilə önəm verdiklərini övladlarına hiss etdirməlidirlər. Şabran rayon Çayqaraqaşlı kənd ümumi orta məktəbinin direktoru Şəhriyar Həsənov hesab edir ki, ucqar kəndlərdə buna daha çox ehtiyac var

 

Rayon ümumtəhsil məktəblərinin direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələrinin uğur hekayəsini, onların tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi düşüncələrini ictimaiyyətə çatdırmaq məqsədilə “Məktəbşünas” rubrikasını təqdim edirik.

 

Rubrikamızın qonağı Şabran rayon Çayqaraqaşlı kənd ümumi orta məktəbinin gənc direktoru Şəhriyar Həsənovdur.

 

- Məktəbin idarə edilməsi nədən başlayır?

 

- Məktəbin idarə edilməsi şəxsin öz üzərindəki idarəçiliyindən başlayır. Yəni, şəxs öz üzərindəki idarəçilikdə ədalətli və sistemli olmalıdır ki, bunu idarə etdiyi kontingent üzərində də həyata keçirə bilsin. Əsas düstur budur. Cəmiyyətdə belə bir təsəvvür var ki, məktəb direktoru qeyri-leqal yolla da olsa, məktəb daxilində istədiyi şəxsi işdən azad edə, şagirdə qarşı fiziki cəzadan başlayaraq, təhqirlərə qədər bütün vasitələrdən istifadə edə bilər. 5 illik pedaqoji və 7 aylıq idarəçilik fəaliyyətim var. Bu müddətdə valideynlərlə söhbətlərimizdə övladlarının neqativ hərəkətləri zamanı fiziki cəzanın labüdlüyü anlamında valideynlər “əti sizin, sümüyü bizim” deyirlər. Biz isə onlara “əti də, sümüyü də özlərinin, ruhu, mənəviyyatı, təhsili isə hər birimizin” deyirik. Hətta məşhur pedaqoqlardan Y.A.Komenski, A.S.Makarenko da fizki cəzadan istifadənin bəzən yaxşı effekt verdiyini qeyd edirdilər. Amma bu, hər çətin vəziyyətdə fiziki cəzaya əl atmağa əsas verirmi? Təbii ki, yox. Məktəb rəhbəri səbrlə, daha düzgün yol axtararaq məsələyə yanaşmalıdır. Az əvvəl də qeyd etdiyim kimi, məktəb idarəçiliyi ilk əvvəl rəhbərin öz üzərindəki hakimiyyətindən, idarəçiliyindən başlayır.

 

- Sizin məktəbin uğur strukturu necə formalaşıb?

 

- XXI əsrdə ölkələrin inkişaf göstəriciləri artıq ordularının gücü, təbii sərvətlərinin çoxluğu ilə deyil, təhsilin inkişaf səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı da məktəbin uğur strukturundan asılıdır. Məktəb daxilində müəllim-şagird-valideyn əməkdaşlığı nə qədər sistemli qurulursa, uğur da o qədər öz axarı ilə gələcəkdir. Hazırda rəhbəri olduğum ucqar kənd məktəbində artıq 6-cı ildir ki, Azərbaycan dilini tədris edirəm. Tədrisə, şagirdlərin təhsilinə önəm verildiyini görən valideynlər hər nə qədər kənd təsərrüfatı işləri olsa da, övladlarının proqram materialını daha yaxşı mənimsəmələri məqsədilə boş vaxtlarımda təmənnasız şəkildə onlarla məşğul olmağım üçün şərait yaradırlar. Təsadüfi deyil ki, ötən tədris ilində şagirdlərimiz buraxılış imtahanlarının nəticələrinə görə Şabran rayonu üzrə Azərbaycan dilindən 2-ci yeri tutmuşdular.

Ümumiyyətlə, valideynlər övladlarının təhsili barədə maraqlanmalı, xüsusən ucqar kəndlərdə təhsilə önəm verdiklərini övladlarına hiss etdirməlidirlər. Məhz bu halda müəllim-şagird-valideyn əməkdaşlığından danışmaq olar.

 

- Rəhbərlik etdiyiniz məktəbdə müəllimə münasibət, qiymətləndirmə, rəğbətləndirmə hansı formadadır?

 

- İngilis yazıçısı C.Lokkun “Ağ lövhə” nəzəriyyəsi var. Həmin nəzəriyyəyə görə, uşaq beyni təmiz, ağ lövhədir və sən orada istədiyini yaza bilərsən. Təbii ki, bu “ağ lövhə” insanın daha çox bioloji varlıq olduğu dönəmlərə aiddir və əksər hallarda ahıl yaşlı insanlarda o lövhəyə yazmağa boş yer tapmırsan. Təhsil Nazirliyi 3 ildir ki, diaqnostik qiymətləndirməni həyata keçirir. 60 və bu yaş üzəri olan müəllimlərin diaqnostik qiymətləndirmədə iştirak etmələrini təmin etməkdə problemlə qarşılaşıram. Çünki həmin “ağ lövhə” artıq dolub və yaşlı müəllimlərimiz bu diaqnostik qiymətləndirmənin təhsilin inkişafına xidmət etdiyini qəbul etməkdə çətinlik çəkirlər. Təbii ki, idarəçilik olan yerdə problemlər də olacaq və bu problemləri səbr və yaşlı nəslə hörmətlə yanaşaraq həll etməyə çalışırıq.

Bəzən elə şagird-müəllim konflikti, təlim-tərbiyə problemi olur ki, bu barədə hər hansı həll yolunu əzbərlədiyimiz normativ-hüquqi aktlarda, məcəllələrdə tapmırıq və belə hallarda yaşlı müəllimlərimizin təcrübələrinə üz tuturuq.

 Ümumiyyətlə, kollektiv rəhbərliyin gözləntilərini bilməlidir. Məsələn, məktəb rəhbəri pedaqoji kollektivin hər hansı üzvündən Edisonun, Eynşteynin edə bildiklərini yox, ən azı təhsil sahəsində ölkədaxili və ya beynəlxalq təcrübənin komponentlərini tətbiq etmək üçün təkliflər gözləyir. Yəni, məktəb daxilində o müəllimə daha çox güzəşt və rəğbətləndirmə tətbiq edirik ki, öz təklifləri ilə məktəbin, təhsilin inkişafı üçün yeni fikirlər irəli sürsün.

 

- Məktəbdə fəaliyyətin monitorinqinin aparılması zərurətini necə dəyərləndirirsiniz?

 

- Son zamanlar məktəb idarəçilərinin dərs saatları ilə təmin olunma məsələsi daha çox sosial şəbəkələr üzərindən müzakirələrə səbəb olur. Belə ki, direktor və müavinlərinin 6,12,18 saat dərslə təmin oluması müzakirə mövzusudur. Təbii ki, məktəb idarəçilərinin də pedaqoji bacarıqlarının itməməsi və tədris bacarıqları ilə pedaqoji kollektivə nümunə ola bilmələri üçün minimum dərs saatlarının qalması daha yaxşı olardı. Bu halda məktəbdə fəaliyyətin monitorinqini aparmaq üçün kifayət qədər zaman yaranar, tədrisin, təlim-tərbiyənin keyfiyyətini izləmək daha rahat olardı.

 

- Müvəffəqiyyətin əsası nədir?

 

- Müvəffəqiyyətin əsası nə istədiyini bilmək və istədiyin nəsə uğrunda mübarizə aparmaqdır. Mübarizə anlayışı bir az pafoslu səslənə bilər, amma insan ömrünün əksər hallarda məhrumiyyətlər, çətinliklərlə uğurlu, xoş günlərin qovuşuğu olduğunu nəzərə alsaq, məqsədə çatmaq üçün mübarizə aparmaq vacib anlayışa çevrilir. Napoleon Bonapartın mübarizə və məğlubiyyət anlayışlarına maraqlı yanaşması var. O deyirdi: “Mübarizə aparırsansa, qalib gəlmək ehtimalın var, əgər mübarizə aparmırsansa, çoxdan uduzmusan”. Biz də dərsdənkənar tədbirlərdə, fərdi söhbətlərimizdə şagirdlərə bunları aşılamağa çalışır, onların müvəffəqiyyət qazanmaları üçün maddi və ya mənəvi problemlərlə qarşılaşacaqları təqdirdə məqsədlərindən əl çəkməməyi tövsiyə edirik.

Bu tədris ilinin mart ayında Təhsil Nazirliyinin elan etdiyi təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinə buraxılış siniflərində xarici dilin tədrisi ilə bağlı layihə təqdim etmişdim. Lakin layihənin ideyası və praktik əhəmiyyəti nə qədər yaxşı olsa da, ifadə etməkdə müəyyən nöqsanları olduğuna görə qəbul edilməmişdi. Məqsədə çatmaq üçün təhsil və texnologiyalar istiqamətində xidmət etmiş nümunəvi insanların həyat yoluna nəzər saldıqda, təhsilimizin inkişafına xidmət edən belə müsabiqələrdə iştirak etməkdən növbəti illlərdə imtina etmək və ya həvəsdən düşmək həmin nümunəvi insanlara qarşı haqsızlıq olardı. Cəmiyyətin, təhsil müəssisəsinin inkişafı üçün ən doğru vasitəni seçmək gərəkdir və bu halda ədalətli müvəffəqiyyətdən danışmaq olar.