25.06.2019

Pedaqoji mühazirələr keçirilib

İyunun 25-də Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə   “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusunda pedaqoji mühazirələr keçirilib.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva pedaqoji mühazirələrin bir neçəsini dinləyib, bu mühazirələrdə çıxış edən müəllimlərə öz tövsiyələrini verib. Nazir müavini pedaqoji mühazirələrin əhəmiyyətinə toxunaraq müəllimlərin iş təcrübələrini bir-biri ilə bölüşməsinin  faydalı olacağını vurğulayıb.

Məhəbbət Vəliyeva bildirib ki, pedaqoji mühazirələr 2 mərhələdə - rayon (şəhər) və ölkə mərhələləri üzrə təşkil olunub. Pedaqoji mühazirələrin rayon (şəhər) mərhələsində 3642 mühazirə dinlənilib. Onlardan 182-si seçilərək ölkə mərhələsinə təqdim olunub. Nazir müavini qeyd edib ki, təqdim olunan mühazirələr Təhsil Nazirliyinin İşçi qrupu tərəfindən təhlil edilib və onlardan 155-i ölkə mərhələsində oxunması üçün proqrama daxil edilib. 

Mühazirələrin keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.

Pedaqoji mühazirələr istedadlı uşaqlarla işin təşkili, məktəbəhazırlıq təhsilin inkişafı, ibtidai təhsilin keyfiyyətinin yüksəldilməsi, tərbiyə işlərinin təkmilləşdirilməsi və digər bölmələr də daxil olmaqla ümumilikdə 18 bölmədən ibarətdir.

Pedaqoji mühazirələrin ilk mərhələsi cari ilin mart-aprel aylarında rayon və şəhərlərdə keçirilib.


Açar sözlər: ,