04.07.2019

3 nömrəli tam orta məktəbin müəllimi öz layihəsi ilə müsabiqənin qalibi olub

Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin nəticələri məlum olub.

Dövlət ümumi təhsil müəssisələri və pedaqoji işçilərdən  ümumilikdə 878  layihə təklifinin daxil olduğu müsabiqədə Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 44 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlər qalib gəlib. Qalib layihələri olan ən fəal rayon və şəhərlər Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Quba, Masallı, Bərdə, Şəki, Göygöl və Şəmkirdir.

Şabran rayonundan isə S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin biologiya müəllimi Gülnar Mirzəyeva fərdi kateqoriya üzrə "Biologiya fənnindən olimpiadalara hazırlaşmaq istəyən şagirdlər üçün vəsait" layihəsi ilə müsabiqənin qalibi olub.

Müsabiqə üzrə layihə təklifləri martın 11-dən aprelin 1-dək qəbul edilib. Müsabiqədə layihəsi qalib olmayan şəxslər 7 iyul 2019-cu il  saat 18:00-dək grants@edu.gov.az elektron poçt ünvanına layihənin kateqoriyası, adı, layihə rəhbərinin adı və əlaqə nömrələrini göndərərək apellyasiya müraciəti edə bilərlər.

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

 

Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi çərçivəsində ümumi təhsil kateqoriyası üzrə qalib gəlmiş layihələr haqqında məlumat

 

Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi çərçivəsində fərdi kateqoriya üzrə qalib gəlmiş layihələr haqqında məlumat