09.10.2019

"Milli özünüdərk, milli düşüncə və milli iftixar hissi" mövzusunda dəyirmi masa keçirilib

Şabran rayon Çölquşçu kənd tam orta məktəbində "Milli özünüdərk, milli düşüncə və milli iftixar hissi" mövzusunda dəyirmi masa keçirilib.

Giriş sözü ilə çıxış edən məktəbin direktoru C. Yusifov şagirdlərə Azərbaycan xalqının keçdiyi inkişaf, mübarizə tarixindən danışıb, bütün dövrlərdə xalqın maraqlarını düşünərək liderlik edən şəxsiyyətlər barədə məlumat verib. O bildirib ki, böyük itkilər və uzunillik mübarizə nəticəsində qorunub saxlanmış müstəqillik ənənəmizi davam etdirmək gələcək nəsillərin, gənc nəslin öhtəsinə düşür.

Daha sonra məktəbin tarix müəllimi Telnaz Həbibova qeyd edib ki, vətəndaş cəmiyyətində sosiumu birləşdirən milli-mənəvi dəyərlərdən biri milli iftixar hissidir. Hər birimizi doğma diyarla minlərlə, bəlkə də on minlərlə gözəgörünməz tellər bağlayır. Xalqın keçmişi, onun tarixinin ləyaqətli və qəhrəmanlıq səhifələri, dünənin və bu günün uğurlu nailiyyətləri qəlbimizə, mənəvi dünyamıza daxil olur, varlığımızı dərin iftixar hissi ilə doldurur. Ana südü ilə, yediyimiz çörəklə, udduğumuz hava ilə canımıza, qanımıza hopan, bizi sözün əsl mənasında yerdən göyə qaldıran bu hiss nəsildən-nəslə, eldən-elə ötürülür, dərin ideya birliyi, möhkəm mənəvi varislik ənənələri yaradır. Bu hissin qadir qüdrəti yaradıcı əməyə, misilsiz xarüqələrə səsləyir. Ləyaqətli zəhmətkeş olmadan isə əsl vətənpərvər olmaq mümkün deyil.

"Müasir qloballaşma şəraitində milli-mənəvi dəyərlərimiz, o cümlədən milli iftixar hissini gözləyən təhlükədən ancaq milli ideologiyanın köməyilə xilas olmaq mümkündür. Çünki milli ideologiyanın formalaşdırdığı milli özünüqoruma şüuru milli dəyərlərimizi hər cür təhlükədən qoruya bilər" deyən coğrafiya müəllimi Valeh Musayev şagirdləri milli ideologiya ətrafında sıx birləşməyə səsləyib.

Sonda şagirdlərin mövzu ətrafında fikirləri dinlənilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.


Açar sözlər: ,