07.11.2019

İ. Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

Noyabrın 6-da Şabran şəhər T. Abbasov adına 1 nömrəli tam orta məktəbdə görkəmli Azərbaycan şairi İ. Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirdə məktəbin müəllim və şagird heyəti, qonaq qismində digər məktəblərdən müəllimlər, Rayon İcra Başçısının müavini F. Nuşiyev, Təhsil Şöbəsinin aparıcı məsləhətçisi G. Hüseynova iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin dirktoru F. Şamxalov bildirib ki, Nəsiminin yaradıcılığı Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. "Bu yaradıcılıq uzun illərdən bəri elmi-pedaqoji fikrin diqqət mərkəzindədir. 50 il öncə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Nəsiminin 600 illik yubileyi keçirildi. Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Onun ədəbiyyatda, incəsənətdə parlaq obrazları yaradıldı. 1973-cü ildə çəkilən “Nəsimi” bədii filmi Azərbaycan kino sənətində xüsusi yer aldı, 1979-cu ildə Bakıda mütəfəkkir şairin heykəli ucaldıldı. Bu il isə ölkə Prezidentinin sərəncamına əsasən respublikamızda İmadəddin Nəsiminin 650 illik yubileyi yüksək səviyyədə qeyd edilir. Bu gün keçirilən tədbirimiz də məktəbdə keçirilən silsilə tədbirlərdən biridir.”- deyə çıxış edən natiq gənc nəslin Azərbaycan ədəbiyyatının önəmli səhifələrini yaratmış İ. Nəsimi kimi şəxsiyyətləri yaddaşlarında yaşatması və hörmət, ehtiramla anaraq yaradıcılıqlarından bəhrələnməsində məktəblərin üzərinə böyük iş düşdüyünü qeyd edib.

Çıxış edən məktəbin Azərbaycan-dili və ədəbiyyatı müəllimi Arzu Hacıyeva bildirdi ki, mənəvi azadlığa, bəşəri dəyərlərə, insana sevgiyə, azadlıq və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının himni idi. O, Nəsiminin xüsusilə ölkə poeziyası və ədəbi dilinin inkişafında əvəzsiz xidmətləri olduğunu bildirib.

Məktəbin Tarix müəllimi R. Məmmədova Nəsiminin Azərbaycan xalqının XIV yüzillikdə ərsəyə gətirdiyi ən böyük mütəfəkkir şairlərdən və ideya fədailərindən biri olduğunu, onun İslam Şərqinin hər üç ədəbi dilində əsərlər yazdığını və daha çox Azərbaycan türkcəsində qələmə aldığı ölməz qəzəlləri ilə yaddaşlara həkk olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, Nəsimi təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biridir.

Tədbirdə Nəsiminin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib, məktəblilər hazırladıqları ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.


Açar sözlər: ,  ,