22.12.2019

Gülnar Mirzəyeva: “Onlarla işləyən zaman özünü komanda yoldaşı kimi hiss edirsən”

Gülnar Mirzəyeva 1983-cü ildə Şabran rayonunda anadan olub. Orta təhsilini fərqlənmə ilə başa vurduqdan sonra 2005-ci ildə Gəncə Dövlət Universitetinin Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Sonra Bakı Dövlət Universitetinin “Onurğasızlar zoologiyası” kafedrasında magistr təhsili almağa başlayıb.

2003-cü ildən Şabran şəhər 2 nömrəli ümumi orta məktəbə müəllim kimi dəvət olunan Gülnar Mirzəyeva magistr təhsilinə görə müəllim kimi fəaliyyətini dayandırmalı olub. O, magistr təhsilini bitirdikdən sonra Şabran Ekoloji Tərbiyə və Təcrübəçilik Məktəbində dərnək rəhbəri kimi işə başlayıb. 2009-2011-ci illərdə M.Nəzirov adına 4 nömrəli tam orta məktəbdə biologiya fənnini tədris edib. 2013-cü ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək hazırda pedaqoji fəaliyyətini davam etdirdiyi Şabran şəhər S.Zülfüqarov adına 3 nömrəli tam orta məktəbinə biologia müəllimi təyin olunub. 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında iştirak edərək 56 bal toplayıb.

Gülnar Mirzəyevanın şagirdləri respublika fənn müsabiqələrində, fənn olimpiadalarında müsbət nəticələr göstərir, qəbul imtahanlarında yüksək bal toplayaraq ölkənin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunurlar.

Təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlərinə görə o, bu il Təhsil nazirinin əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

Gülnar Mirzəyevanın “Biologiya fənnindən olimpiadalara hazırlaşmaq istəyən şagirdlər üçün vəsait” layihəsi Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olub.

 

- Gülnar xanım, bir neçə ay öncə layihəniz qrant müsabiqəsinin qalibi olub. Bu haqda söz açardınız.

- Mən artıq neçə ildir ki, olimpiadalara şagird hazırlayıram. Sadəcə vəsait çatışmazlığı ilə bağlı problem yaşayırdım. Düzdür, bu çatışmazlıqları xarici ədəbiyyatlardan tərcümə etməklə bərpa edirdim, amma düşündüm ki, niyə də konkret vəsaitimiz olmasın və digərləri bundan faydalanmasın. Buna görə də layihəyə qoşulmaq qərarına gəldim. Daha doğrusu, həmkarlarımla birlikdə bu qərara gəldik. Qeyd edim ki, layihədə nəzərdə tutulan kitabın artıq I cildi 2018-ci ildə oxucuların istifadəsinə verilmişdi. Həmin kitabın layihə rəhbəri Yaşar Kazımov, 3 müəllifdən biri isə mən idim. Bu kitabda da Yaşar Kazımov dəstəyini əsirgəməyib və iki müəllifdən biri odur.

- Layihənizdən əsas gözləntilərimiz nələr olmalıdır?

- Qeyd etdiyim kimi, layihə biologiya fənnindən olimpiadalara hazırlaşmaq istəyən şagirdlər üçün vəsaitin hazırlanmasını nəzərdə tutur. Layihənin əsas məqsədi istedadlı şagirdlərin aşkar edilməsi, onların hərtərəfli inkişafı və biologiya fənn olimpiadalarında yüksək səviyyədə iştirakına köməklik göstərmək, həm respublika, həm də beynəlxalq olimpiadalarda uğurlu nəticələr qazanmalarına zəmin  yaratmaqdır.

Bununla yanaşı, VII-XI siniflərdə olimpiadaya ilkin hazırlıq məqsədi ilə tərtib olunmuş vəsait geniş biologiyasevərlər auditoriyası üçün də nəzərdə tutulub. Bu isə, öz növbəsində, biologiya fənni tədris edilən həm dövlət, həm də özəl təhsil müəssisələrinin, şagird və müəllimlərin fənnə qarşı marağını artıracaq, bu istiqamətdə onların fəaliyyətini stimullaşdıracaqdır. Tərtib olunmuş vəsait Beynəlxalq Biologiya Olimpiadası sillabusu əsasında yazılıb. Vəsaitdə ümumtəhsil məktəblərinin proqramı ilə yanaşı, olimpiadaların istiqamətinə uyğun bəzi mövzuların izahı, xüsusilə şəkil və sxemlərdən istifadə olunub. Olimpiada proqramına müvafiq bəzi müasir elmi yeniliklər də vəsaitdə öz əksini tapmışdır. Bu vəsaitdən istifadə edənlərə mövzuların nəzəri hissələri ilə yanaşı, hər paraqrafın sonunda müxtəlif çalışma tipli tapşırıqlar və suallar da təqdim olunur.

Layihədən gözlənilən nəticələr isə respublikanın müxtəlif ümumtəhsil məktəblərində biologiya fənnindən olimpiada məşğələlərinin təşkili üçün tədris materialları baxımından çatışmazlıqların qismən aradan qalxması, vəsaitin məzmun və səmərəlilik nöqteyi-nəzərindən istedadlı şagirdlərin bilik və bacarıqlarının artırılması istiqamətində aparılan məqsədyönlü fəaliyyətə köməklik göstərməsidir.

- Özünüzün də qeyd etdiyiniz kimi, olimpiadalara şagird hazırlayırsınız. Bu istiqamətdə işinizi necə qurursunuz və nəticələriniz sizi qane edirmi?

- Olimpiadalara şagird hazırlığı çox maraqlı prosesdir. Nəyə görə? Çünki həmin komandada konkret qalibiyyət məqsədli, araşdırmaçı və yüksək öyrənmə potensiallı şagirdlər cəmləşir. Onlarla işləyən zaman sən özünü bir müəllimdən daha çox komanda yoldaşı kimi hiss edirsən və üstünlüyün sadəcə istiqamət verməkdən ibarət olur.

İşi qurmaq məsələsinə gəldikdə isə, mən uşaqla ünsiyyətdə olduqdan sonra özümdə müəyyənləşdirirəm ki, ona mütləq dəstək olmaq lazımdır və o qalib ola bilər. Məsələn, dərsdə uşağın müəllimə verdiyi suallar onun haqqında çox şey deyir. Bəzən şagirdin istiqaməti fərqli olur və mən kəşf etdikdən sonra o şagird  biologiya sahəsində daha çox nailiyyət qazana bilər, bu zaman özü və ailəsi ilə mütləq danışıram. Demək olar, bu vaxta qədərki heç bir diaqnozum məni yanıltmayıb. Komandamız müəyyənləşdikdən sonra biz konkret plan və proqram üzrə məşğələlərə başlayırıq. Uşaqlar bəzən çox yorulurlar, amma heç zaman onlarda usanma hiss etməmişəm. Və təbii ki, çox çalışanda nəticə də arzuedilən olur.

Hazırladığım şagirdlərdən 2017-ci ildə Murad Cəbrayılov gümüş, bu il isə Nigar Səlimova bürünc medal mükafatçısı olublar. Şagirdlərimdən yarımfinal turuna qədər yüksələnlər də var. Bu il keçirilən fənn müsabiqələrində 3 şagirdim zona mərhələsində iştirak hüququ qazandı.

- Deyirlər ki, fənni uşağa müəllim sevdirməlidir. Bir biologiya müəllimi kimi fənninizi şagirdlərə necə sevdirirsiniz?

- Biologiya, ümumiyyətlə, maraqlı elmdir, xüsusən də onun tədrisi. Yəni, uşaqlar üçün araşdırıla biləcək nələrisə tapmaq, onlarla birlikdə işləmək, verdikləri suallara birlikdə cavab tapmaq  müəllimin özü üçün də maraqlıdır.

Uşaqlar adətən nəyisə incələməyi, kəşf etməyi sevirlər və mən də biologiyanı bu anlayışlar üzərində tədris edirəm. Məncə təkcə biologiyada deyil, bütün fənlərdə şagirdin fənnə marağını artırmağın əsas üsulu budur. Çünki uşağa maraqlı nələrsə olanda həmin istiqamətə yönəlir. Onlar üçün çətin anlaşılan elmi cümlələrə keçməzdən öncə, maraqlı gələ biləcək tərəfləri göstərmək lazımdır. Artıq fənni sevməyə başladıqdan sonra onlara çətin gələn mövzuları da böyük həvəs və əzmkarlıqla öyrənəcəklər.

- Şagirdlərinizin uğurları sizin üçün nə ifadə edir?

- Uzun müddət onlarla birlikdə çalışırıq, həyəcanlanırıq, qayğılanırıq və nəticədə uğur olanda onlar qədər sevinirik. O an bütün əziyyətlər unudulur, bütün yorğunluq gedir, əvəzinə qürur hissi, böyük sevinc və fərəh gəlir. Bu, müəllimin əsas qazancıdır. Əməyinin bəhrəsidir.

Onlar sonra da bizi unutmurlar. Hər il yay tətili başlayanda artıq tələbə adını qazanmış yetirmələrim ziyarətimə gəlirlər. Hansısa məsələdə sualları olanda zəng edib soruşurlar. Bəzən də mən onlardan soruşuram (gülür). Bu hal özü bir müəllim üçün olduqca qürurvericidir.

- Uğurlu müəllim olmağın xüsusi bir sirri varmı?

- Uğurlu müəllim. “Uğursuz müəllim” də olmaq olar demək ki. Amma müəllim anlayışında heç bir təyinə ehtiyac olmamalıdır məncə. Müəllim anlayışı elə özlüyündə uğuru ifadə edir. Bu adı daşıya bilməmək məsələsi var sadəcə.

Xüsusi sirr yoxdu əslində. Kim müəllim olmaq istəyir? - Özü sevdiyini öyrətməyi sevən. Müəllim birinci öz fənnini sevməli, ikinci isə onu öyrətməyi sevməlidir. Müəllim həm də öyrənəndir. O, hər zaman öyrənir, araşdırır və öyrəndikcə şagirdlərinə də daha çox şey öyrədir. Digər önəmli, həssas məqam qiymətləndirmə, rəğbətləndirmədir. Düzgün qiymətləndirmə tənbəl bir şagirdi ən çalışqan şagird halına gətirə bildiyi kimi, yanlış qiymətləndirmə də ən çalışqan şagirdi ruhdan sala bilər. Qiymətləndirmə dedikdə, birinci növbədə metodu nəzərdə tuturam. Qiymətləndirmə zamanı da uşaqlara fərdi yanaşmaq lazımdır. Elə uşaq var ki, ona yüksək qiymət yazmaqla bərabər, daha çox çalışmasını qeyd etmək lazımdır. Əks halda, onda arxayınlıq yaranır və tənbəlləşir. Elə uşaq var ki, ona yüksək qiymət yazaraq tərifləmək lazımdır. Bu zaman o daha da ruhlanacaq və növbəti dəfə  daha çox çalışacaq. Amma ona digər şagirdə olduğu kimi daha yaxşı hazırlaşmasını tapşırsan, özünə inamda tərəddüd edəcək və bu, onu psixoloji olaraq zəiflədəcək. Şagirdlərin hər birinə fərdi yanaşma çox önəmlidir.

- Sizcə, müasir müəllim hansı tələblərə cavab verməlidir?

- Müasir müəllim günün tələblərinə uyğunlaşmalıdır. Yəni əgər, bu gün bir müəllim sosial şəbəkələrdən istifadə etmirsə, demək ki, çox şeydən kənar qalır. Mən bunu bəzi həmkarlarımla ünsiyyətdə olan zaman çox aydın şəkildə müşahidə edə bilirəm. Halbuki, sosial şəbəkələr vasitəsilə digər həmkarlarla bilgini paylaşma, təcrübədən faydalanma, fərqli yanaşmalar kəşf etmə imkanları daha genişdir.

Bir də, müasir müəllim həm də müasir şagirdə uyğun olmalıdır. Əvvəllər müəllim mərkəzdə idi əsas fiqur kimi, amma indi şagird mərkəzi fiqurdur və müəllim əsasən onun qarşısında deyil, yanında olmalıdır. Bu, bütün hallar üçün keçərlidir. Müəllim öyrədən kimi də şagirdin yanında olmalı, ona istiqamət verməlidir, bir dost kimi də onun üçün hər zaman problemini bölüşə biləcək qədər əlçatan olmalıdır.

Əvvəllki dövrdən fərqli olaraq indi müəllim şagird üçün bir müəmma ifadə etmir qətiyyən. Bunu da adiləşmək kimi deyil, müsbət tərəfdən qiymətləndirmək və dəyərləndirmək lazımdır. Məsələn, mən şagirdlərimə uğur qazanmaq üçün keçdiyim bütün çətinlikləri danışıram. Onlara izah etmək istəyirəm ki, uğur asanlıqla qazanılmır və istəyirəm ki, qarşılaşdıqları çətinliklərə görə məqsədlərindən vaz keçməsinlər. Özümü onlarla eyniləşdirirəm, onların indi keçdikləri yolları mənim də keçdiyimi xatırladıram. Onlar üçün çətinliklərlə mübarizədə uğurlu nümunə ola bilmək məni çox sevindirir.


Açar sözlər: