03.03.2020

Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri genişləndirilib

Ümumi təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.

Şabran Rayon Təhsil Şöbəsinin tabeliyindəki 7 ümumi təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işləri aparılıb. Digər təhsil müəssisələrində isə dezinfeksiya işlərinin aparılması davam etdirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına əsasən tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 3-9 mart 2020-ci il tarixlərində (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur.

Onu da qeyd edək ki, Təhsil Nazirliyinin 24 fevral 2020-ci il tarixli təlimati məktubunun tələblərinə əsasən, məktəb kollektivləri, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə işləri aparılmış, kütləvi tədbirlər və ekskursiyalar məhdudlaşdırılmışdı.


Açar sözlər: