22.06.2020

"İstedadlarla Biologiya Olimpiadalarına hazırlıq - İBO-H" layihəsini gerçəkləşdirmək imkanı qazanan Gülnar müəllim layihə haqqında məlumat verir

Şabran şəhər S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin biologiya müəllimi Gülnar Mirzəyeva Təhsil Nazirliyi tərəfindən təşkil olunan təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olub. "İstedadlarla Biologiya Olimpiadalarına hazırlıq - İBO-H" layihəsini gerçəkləşdirmək imkanı qazanan Gülnar müəllim layihə haqqında məlumat verərək öz fikirlərini bölüşür.

 

“Son illərdə Respublikamızda təhsilalanların hərtərəfli inkişafı, o cümlədən istedadlı şagirdlərin aşkar edilməsi, onların bilik və bacarıqlarının artırılması, verilən sual və tapşırıqlara fərqli yanaşma qabiliyyətlərinin formalaşması istiqamətində fənn olimpiadaları mühüm yer tutur.  Son dövrlər təhsil sahəsində aparılan köklü islahatların sırasında Respublika Fənn Olipiadalarının yeni formada təşkili və keçirilməsi də yer alır. Bu məqsədlə istedadlı şagirdlərin aşkar olunması, onların istər Respublika Fənn Olimpiadalarına, istərsədə Beynəlxalq Olimpiadalara hazırlığı   əsas məsələlərdən biridir. Olimpiada hazırlığı Təhsil Nazirliyinin diqqətdə saxladığı əsas məsələlərdən biri olduğu kimi, eyni zamanda Təhsil Şöbələrinin,  həmçinin məktəblərin də, diqqətdə saxlamalı və həyata keçirməli oldugu əsas məsələ olmalıdır. Biologiya fənnindən olimpiada məşğələlərinin yüksək səviyyədə təşkili, eyni zamanda şagird və ixtisas müəllimlərinin bu sahədə davamlı inkişafını təmin etmək üçün bəzi məsələləri qarşımıza məqsəd qoyduq. Belə ki, məqsədimiz  Şabran şəhərinin müxtəlif məktəblərində  yuxarı sinif şagirdləri arasında biologiya fənnindən istedadlı şagirdləri aşkar etmək və onların olimpiadalara sistemli hazırlığını təşkil etməkdir. Nəzərə alsaq ki,  bu məktəblərin  yuxarı siniflərində “istedad sinifləri” təşkil olunmayıb, bu zaman təqdim etdiyim  layihənin əhəmiyyətli olacağı düşünülə bilər. Layihənin icra ediləcəyi məktəblərin  8-ci, 9-cu və 10-cu siniflərində təhsil alan, biologiyadan olimpiadalarda iştirak etmək istəyən, seçim turunda yüksək nəticə göstərən şagirdlərindən 15 nəfəri  layihə iştirakçısı olacağı planlaşdırılır. Həmçinin Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci və 3-cü qrant müsabiqələrində qalib olmuş, müəlliflərindən biri olduğum Biologiya fənnindən olimpidalara hazırlıq vəsaitlərinin də monitorinqi nəzərdə tutulur. Bu vəsaitlərdən təlim məşğələlərində istifadə olunaraq şagirdlər üçün qaranlıq olan hissələrə lazım gələrsə yenidən baxılaracaq, aydınlıq gətiriləcəkdir. Bu vəsaitlərlə kifayətlənməyib Biologiya fənnindən olimpiadalara hazırlaşmaq üçün təqdim olunan ədəbiyyat siyahısındakı vəsaitlərdən də (Campbell, Life) istifadə olunacaqdır. Eyni zamanda hər ay (aylıq sınaq) və yekunda (ümumi sınaq) keçiriləcək sınaq imtahanları üçün beynəlxalq olimpiadalarda istifadə olunmuş  suallar tərcümə olunaraq test kitabçaları hazırlanacaqdır (dörd aylıq mövzu sınağı və bir ümumi sınaq- hər biri 100 sualdan ibarət).  Bu kitabçalarda gündəlik dərslərdə istifadə olunan çətin tipli test tapşırıqları da izahlı həlli ilə yer alacaqdır.

 Son 3 ildə olimpiadalarda iştirak etmək istəyən həvəsli, hazırlıq üçün müxtəlif məktəblərdən köməklik istəyən şagirdlərin sayı artmışdır. Boş zamanlarımızda çox az sayda təşkil etdiyimiz məşğələlərimiz sayəsində müraciət edən şagirdlərdən 7 nəfəri (2017-ci ildə 1 nəfər, 2018-ci ildə 2 nəfər, 2019-cu ildə 2 nəfər, 2020-ci ildə 2 nəfər) RFO-nın final mərhələsində iştirak edib və bu şagirdlərdən üçü medala (biri gümüş, ikisi bürünc medala) layiq görülmüşdür. Bütün bunları nəzərə alsaq sistemli şəkildə belə istedadlı şagirdlərimizlə məşğul olaraq daha çox müsbət nəticələr əldə edə bilərik. Layihənin icra ediləcəyi  məktəblərdə RFO-nun sillabusundakı mövzular  əsasında dərslər keçirilmədiyinə görə çalışaq ki, orta məktəb baza biliklərini möhkəmləndirərək daha dərin biliklərə yiyələnmələrində istedadlı şagirdlərimizə dəstək olaq.”


Açar sözlər: