23.06.2020

"1001 təcrübə" layihəsi ilə qalib olan Təranə Allahyarova öz fikirlərini bölüşür

Şabran şəhər S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin kimya müəllimi Təranə Allahyarova Təhsil Nazirliyi tərəfindən təşkil olunan təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olub. "Kimya fənnindən müəllim və şagirdlər üçün vəsait -"1001 təcrübə"" layihəsini gerçəkləşdirmək imkanı qazanan Təranə müəllim layihə haqqında məlumat verərək öz fikirlərini bölüşür.

“Mənim Təhsil Nazirliyinin təşkil etdiyi təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinə qatılmaqda məqsədim o idi ki, bir gənc müəllim olaraq ixtisasım üzrə özümü daha da təkmilləşdirim. Mən həmçinin ümumi təhsilin keyfiyyət göstəricilərinin dünya standartlarına uyğunlaşdırılmasına ehtiyac olduğu dövrdə təhsilalanların keyfiyyət göstəricilərinin yüksəldilməsi, ümumi təhsil üzrə dərsliklərin və dərs vəsaitlərinin elmi-metodiki baxımdan təkmilləşdirilməsinə olan tələbatın ödənilməsində qismən də olsa, rol oynamaq istəyirdim.

Təqdim edilən layihə çərçivəsində VII – XI siniflərdə kimya fənnindən nümayiş ediləcək  təcrübə işlərinin yazılacağı vəsait bu siniflərdəki bütün  mövzuları ayrı – ayrı əhatə edəcəkdir. “1001 təcrübə” adlı vəsaitimizin yazılmasında əsas məqsəd müəllimlər və istedadlı şagirdlər üçün kimya dərslərində, kimya gecələrində və bu fənnə aid digər tədbirlərdə  iştirakçıların da diqqətini cəlb edə biləcək təcrübələrdən ibarət bir vəsaiti hazırlamaqdır. Bununla yanaşı, vəsaitdə öz əksini tapmış olacaq təcrübələr vasitəsilə şagirdlər keçilən mövzuları daha dərindən mənimsəyib, daha aydın dərk edəcəkdir. Bu isə öz növbəsində kimya fənninin tədris edildiyi həm dövlət, həm də özəl ümumi təhsil müəssisələrində şagird və müəllimlərin fənnə qarşı marağını artıracaq, bu istiqamətdə onların fəaliyyətini stimullaşdıracaqdır.

Etiraf edim ki, müsabiqəyə böyük ümidlərlə qatılsam da, içimdə qalib gəlməmək, seçilməmək qorxusu da var idi. Ancaq bundan tam əmin idim ki , Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi digər müsabiqələrdə olduğu kimi, burada da şəffaflıq, qərəzsiz mövqe əsas olacaqdır. Məhz buna görə dərin minnətdarlığımı bildirir, mənə göstərilən etimadı doğruldacağıma söz verirəm.

      Digər gənc müəllimlərə  və şagirdlərə də məsləhətim budur ki, hədəfiniz varsa, əzmlə və sarsılmadan hədəfə doğru çatmağa çalışırsınızsa, bu yolda qarşınıza maneələr çıxa bilər, ancaq əmin olun ki, bir gün mütləq və mütləq qalib gələcəksiniz...”


Açar sözlər: