2016-2017-ci tədris ilində ümumtəhsil  məktəblərinin  I  sinfinə  qəbul fevralın 1-dən başlayır. 6 yaşı sentyabrın 15-dək tamam olan uşaqların sənəd qəbulu 15 sentyabrda başa çatır.

6 yaşı  sentyabrın 16-dan   dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı müsahibə rayon təhsil şöbəsinin nəzdində yaradılan komissiya tərəfindən həyata keçiriləcək. Xüsusi istedadlı uşaqların I sinfə qəbulu barədə valideynlərin ərizələri iyulun 20-dən avqustun 20-dək RTŞ-də qeydə alınacaq. Uşaqların seçimi sentyabrın 10-dək başa çatacaq. 

Uşaqların ümumi təhsil müəssisələrinə qəbulu – Azərbaycan Respublikasının təhsil nazirinin 27 sentyabr 2013-cü il tarixli 827 nömrəli əmri ilə təsdiq edilmiş "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları"na əsasən həyata keçirilir.

Bu sənəd Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinə şagirdlərin qəbulu və təhsil müddətində şagirdlərin ölkə daxilində, habelə ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasının məktəblərinə yerdəyişməsi ilə bağlı məsələləri tənzimləyir.