06.04.2022

Söhbətli kəndində 40 şagird yerlik modul tipli məktəb binası istifadəyə verilib

Şabran rayonunun Söhbətli kəndində 40 şagird yerlik modul tipli məktəb binası istifadəyə verilib.

 

Məktəbin açılış mərasimində çıxış edənlər müəllim və şagirdləri yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.

 

Məktəb binasında sinif və digər təyinatlı otaqlar var. Modul tipli bina yanğın xəbərdarlıq sistemi, işıq və su təchizatı ilə təmin olunub.

 

Şabran Rayon Təhsil Şöbəsinin metodisti Ağaşirin Bağırzadə bildirib ki, bu, rayonda istifadəyə verilən 6-cı modul tipli məktəb binasıdır. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

 

Hazırda rayonun Uzunboyad kəndində 264 şagird yerlik ikimərtəbəli məktəb binası inşa edilir. Bundan əvvəl isə Taxtalar kəndində 80 yerlik yeni məktəb binası şagirdlərin istifadəsinə verilib.

 

Çıxış edənlər yeni məktəbin istifadəyə verilməsini müəllimlərin, valideynlərin, xüsusilə də şagirdlərin böyük sevincinə səbəb olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

                                                                                                                       


Açar sözlər: